Haçaparaq (Zəhmət) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 25 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində, dəniz səviyyəsindən 847 m hündürlükdə yerləşir. Zəngibasar rayonu yenidən təşkil edilənədək (14 yanvar 1969) Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin tarixi adı “Xacaparaq”, Azərbaycan mənbələrində Xocəparak kimi yazılır 1728-ci il tarixdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 326 nəfər, 1873-cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904-cü ildə 992 nəfər, 1914-cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq azərbaycanlılar kənddən deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 759 nəfər, 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda burada ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “haçalanmanın başlandığı yer” mənasında işlənən haça sözü ilə, qədim türk dilində “gecələr heyvan salınan, hasarlanmış yer” mənasında işlənən “parax” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Zəhmət” qoyulmuş, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Xaçpar” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°24′ ş. u.