Haçakilsə

Haçakilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Xaçkilsə” kimi qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim “cüt, qoşa”, “bir-birinə yaxın sivri uclu şiş təpəli iki fiziki-coğrafi obyekt” mənasında işlənən “haça” (xaça) sözündən və “dini məbəd” mənasını bildirən “kilsə” sözündən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Paros”, 30 yanvar 1961-ci il tarixli fərmanı ilə isə yenidən dəyişdirilərək “Nahabetavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 44°01′ ş. u.