Həçəti

Həçəti (Hacatı) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində  kənd. Qafan şəhərindən 28 km şimal-qərbdə, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Hacatı”, Qafqazın beşverstlik xəritəsində “Haçaatı” (Гачааты), Azərbaycan mənbələrində “Həcəti”, erməni mənbələrində “Hacatin” formasında qeydə alınmışdır.

1918-ci ildə erməni silahlı dəstələri Həçəti kəndini dağıtmış, kənd əhalisi dağları aşaraq Naxçıvana pənah aparmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Kənddə 1897-ci ildə 30, 1922-ci ildə 41, 1926-cı ildə 51, 1931-ci ildə 71 nəfər, 1939-cu ildə 95, 1959-cu ildə 125, 1970-ci ildə 148, 1979-cu ildə 165 nəfər, 1988-ci ildə 160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1939-cu ildə kəndin əhalisini Gığı kəndinə köçürmüşlər. Həçətililər 1946-cı ildə yenidən öz kəndlərini bərpa etmişlər. Kənddə yaşayan azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində “bucaq şəklində ayrılan, haça” mənasında işlənən “haça” sözünə “-tı” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Kəndin adı Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı dəyişdirilərək “Voçetin” qoyulmuşdur.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə  daxil edilmişdir.

Coğrafi koordinatları: 39°12′ şm. e., 46°08′ ş. u.