Həbib Həsənov 1922-ci ildə Kəvər rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Həbib Həsənov Moskvada Ali Partiya Məktəbini bitirdikdən sonra Ermənistanın Əzizbəyov rayon Partiya Komitəsinin şöbə müdiri, Eçmiədzin rayon Partiya Komitəsinin ikinci, Amasiya Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1961–1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olnuşdur.
Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşmış, daha sonra Tovuz Rayon Partiya Komitəsinin birinci katibi, meşə təsərrüfatı naziri kimi müxtəlif vəzifələrdə işləmişdir. Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan Respublikası adlandırılan qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımlardan, bəhs edilir.