Həşimov Rafiq Həşim oğlu

“1946-cı ildə Vedi rayonunun Şirazlı kəndində anadan olmuşam. İrəvan şəhərində sürücü işləmişəm. 1988-ci il may ayının 10-da Şirazlı kəndinə basqın edildi. Biz isə kəndi tərk edib Araz çayının kənarındakı Şidli kəndinə qaçdıq. 2 ay müddətində Şidli kəndində yaşadıq. Növbə ilə Naxçıvandan ərzaq gətirirdik. Bir gün mən, oğlum və qaynım Ramiz Naxçıvana ərzaq gətirməyə gedən zaman ermənilər bizə hücum etdilər. Kənddə yanğın törətdilər. Biz isə Naxçıvan sərhədinə gəlib bölük komandiri Nadirə xəbər verdik. O isə sərhədçilərlə az da olsa sakitçilik yaratdı. Maşınlarımıza hücum edirdilər. Hər gecə ermənilər öz evlərində gizli iclas keçirərək bizi öz ata-baba yurdumuzdan necə qovmağın məsələsini müzakirə edirdilər.”