Həmzəçimən

Həmzəçimən – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 15 km şimal-şərqdə, Quqark şəhərindən 19 km şərqdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Həmzəçəmən” kimi, Qafqazın beşverstlik xəritəsində “Həmzəçimən” kimi qeydə alınmışdır. Kəndin adı dialekt təsirinə məruz qalaraq “Həmzəçimən” kimi (çimən Azərbaycan dilinin qərb qrupu dialektlərində çəmən (otlaq) mənasında işlənir) sabitləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim Həmzə şəxs adı ilə “yaşıl otla örtülmüş sahə”, “yaşıllıq” mənasında işlənən “çəmən” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Marqahovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 44°41′ ş. u.