Güzəcik

Güzəcik – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. İrəvandan 11 km şərqdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 100 nəfər, 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 127 nəfər, 1904-cü ildə 119 nəfər, 1914-cü ildə 138 nəfər, 1916-cı ildə 165 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə dəhşətli qırğınlar törətmişlər. 1918-ci ilin fevralında 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1924–1925-ci illərdə tamamilə tarixi-etnik yurdlarından qovulmuş və kənd xarabalığa çevrilmişdir.

Toponim bayat türk tayfasından olan “güzücəkli” etnonimi əsasında əmələ gəlmişdir.