Gürcüyolu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində kənd. 1937-ci ilə kimi keçmiş Amasiya (Ağbaba) rayonunun tabeliyində olmuşdur. Vilayət mərkəzi Gümrü şəhərindən 21 km şimalda, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Gürcüyel”, Qafqazın beşverstlik xəritəsində “Gürcüel” formasında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim “gürcü” etnonimi ilə “yol” sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd Gümrüdən Gürcüstana gedən yolun üzərində yerləşmişdir.
Kəndin adı 30 iyul 1980-ci ildə dəyişdirilərək “Torosqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 43°52′ ş. u.