Gümüşxana

Gümüşxana – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Dağ çayının qolu olan Gümüşxana selavının yaxınlığında yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Gümüşcük” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 145 nəfər, 1886-cı ildə 136 nəfər, 1897-ci ildə 203 nəfər, 1904-cü ildə 360 nəfər, 1914-cü ildə 394 nəfər, 1916-cı ildə 234 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 74 nəfər azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1925-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Kənddə gümüş filizi olduğu üçün “Gümüşxana” adlandırılmışdır.