Güllücə – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 45 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində, dəniz səviyyəsindən 2060 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlıların formalaşmasında iştirak edən türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 193 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 324 nəfər, 1914-cü ildə 378 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında Ermənistan silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Burada 1922-ci ildə 517 nəfər, 1926-cı ildə 553 nəfər, 1931-ci ildə 576 nəfər, 1939-cu ildə 624 nəfər, 1959-cu ildə 594 nəfər, 1979-cu ildə 985 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından gələn ermənilər məskunlaşmışdır.
Toponim “gül” sözünə sifət düzəldən “-lü” və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən “-cə” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Tsaxkut” qoyulmuşdur. «Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°05′ şm. e., 43°36′ ş. u.