Güllücə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 50 km cənub-qərbdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904-cü ildə 516 nəfər, 1914-cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. Sonradan azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdir. Burada 1926-cı ildə ermənilərlə yanaşı 21 nəfər azərbaycanlı yaşamışdır. 1929–1930-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim “güllü, çiçəkli” mənasını bildirən “güllü” sözünə “-cə” şəkilçisinin artırılması ilə düzəlib.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zovk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°41′ ş. u.