Güllücə

Güllücə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 27 km şimal-qərbdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində, dəniz səviyyəsindən 1725 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənd 1937-ci ilə kimi, yəni keçmiş Hamamlı rayonu təşkil edilənə kimi keçmiş Böyük Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.

Ermənilərin bölgədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 2 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərindən kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində işlənən “güllü” sözünə “-cə” şəkilçisinin artırılması əsasında əmələ gəlib “güllü, çiçəkli yerdə salınan kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sarahart” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 44°12′ ş. u.