Güllücə

Güllücə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 16 km şimalda, Abaran çayının sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim “güllü” sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən “-cə” şəkilçisinin qoşulması əsasında əmələ gəlib “güllü, çiçəkli ərazidə yerləşən kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyun 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardenis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 44°24′ ş. u.