Gülablı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 39 km şimal-şərqdə, dağın ətəyində, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Gülaplı”, “Gülab”, “Gülabdı” formalarında da qeyd edilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Güləbdi” formasında, Qafqazın beşverstlik xəritəsində “Gülablı” kimi qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.
Toponim “gülablı” nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyun 1946-cı il tarixli fərmanı ilə adı hərfi tərcümə edilərək “Dzoraqlux” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°34′49″ şm. e. 44°29′07″ ş. u.