Güləkərək – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 17 km şimal-qərbdə, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.
Toponim “gül” sözü ilə “-ək” şəkilçisi qəbul etmiş “əkər” türk etnonimi əsasında əmələ gəlmişdir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Qyulaqarak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 44°28′ ş. u.