Gözlü

Gözlü – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 53 km şimal-qərbdə, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Kənd XIX əsrin 30–40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1828-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829–1832-ci illərdə Türkiyənin Muş, Ələşkirt, Qars vilayətlərindən, İranın Qəzvin və Xoy vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar erməni silahlıları tərəfindən kənddən deportasiya olunmuşlar.

Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Akunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°25′ şm. e., 43°54′ ş. u.