Göykümbət

Göykümbət – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 27 km şimal-qərbdə, Zəngi çayının yanında, Zərincə dağı tərəfdə, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Göygünbəz”, Qafqazın beşverstlik xəritəsində “Göykümbət” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 21 nəfər, 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 200 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 252 nəfər, 1914-cü ildə 280 nəfər, 1916-cı ildə 241 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdilər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 174 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən əhalisi zorla Azərbaycana köçürülmüşdür. 50-ci illərdə deportasiya edilən ailələrin az bir qismi yenidən ata yurdlarına dönsələr də, 1970-ci ildə tamamilə deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində rəng mənasında işlənən “göy” sözü ilə fars dilində “yarımkürə şəklində bina damı, qübbə” mənasında işlənən “kümbəd” sözündən əmələ gəlmişdir. Azərbaycan dilində “d~z” səs əvəzlənməsi qanunauyğun haldır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Geğanist” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 44°26′ ş. u.