Göyçə

Göyçə – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, hazırda isə Geğarkunik vilayəti ərazisində göl. Keçmiş Kəvər (Yeni Bəyazid, Kamo), Yelenovka (Sevan), Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Çəmbərək (Krasnoselsk) rayonlarının ərazisində yerləşir.

Erməni mənbələrində gölün adı “Göyçə dərya”, “Göyçə dəngiz”, “Göyçay”, “Göyçə dəniz” kimi də qeyd edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında Göyçə gölünün adı “Göycə dəniz” və “Gökcə dəniz” formalarında qeyd edilmişdir.

Gölün sahəsi 1400 km², orta dərinliyi 28,5 m, maksimal dərinliyi isə 83 m-dir. Göyçə gölü dağarası çökəklikdə, təqribən 1900 m hündürlükdədir. Qafqazın ən iri və uca dağ gölüdür. Şimal-qərbdən Pəmbək, cənubdan Basarkeçər, qərbdən Şahdağ silsilələri ilə əhatə olunur. Gölə 28 çay tökülür. Göldən isə yalnız Zəngi (Hrazdan) çayı axır.

Gölün suyunun rəngi göy (təmiz, duru mənasında) olduğu üçün Göycə, yaxud Göyçə adlandırılmışdır.

Göyçə gölünün adı XX əsrin əvvəllərində ermənilər tərəfindən dəyişdirilib, vaxtilə albanlar tərəfindən qara daşdan tikilmiş kilsəyə uyğun olaraq Sevan (Sevvank) qoyulmuşdur.