Göy məscid

İrəvandakı məşhur Göy məscid 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmişdir. Ölçüləri 97,2 x 66 metr olan bu məscid Qafqazın ən böyük məscidi olmuşdur. O, öz adını günbəzin göy rəngli kaşı ilə üzlənməsindən götürmüşdür.

Göy məscidin əsas tikililəri məscidin cənub və şimal tərəflərində idi. Onun yan tərəflərində isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı var idi: iki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba tərəf baxırdı. Məscid binası isə cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi.

1936-cı ildə Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. 1941–1945-ci illər müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət silah-sursat anbarı kimi də istifadə edilmişdir. Müharibədən sonrakı dövrdə isə məsciddə Təbiət Muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün planetari fəaliyyət göstərmişdir.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdır. Belə ki, məscid ilk olaraq 1991-ci ildə Təbiət Muzeyi kimi istifadə edilməyə başlanılmış, 1994-cü ildə isə Tarix Muzeyi məscid kompleksindən çıxarılmışdır. Sonrakı illərdə isə məscid “fars mədəniyyəti nümunəsi” kimi yenidən qırmızı kərpiclərlə üzlənərək bərpa edilmişdir.

Hazırda erməni rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “fars məscidi” kimi təqdim edirlər.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Nazim Mustafa, İrəvan şəhəri (Bakı, 2020)
Аруманян В., Асратян М., Меликян А, Ереван (1968)
H.F.B., Armenia.
Travels and Studies (London, 1901)
Transkaukasien, Persien, Mesopotamien, Transkaspien
(Berlin, 1899)