Goravan

Goravan – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 19 km cənub-şərqdə, Vedi çayının sahilində, Vedikəndinin cənubunda, dəniz səviyyəsindən 925 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kürəvan”, Qafqazın beşverstlik xəritəsində “Goravan” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 325 nəfər, 1897-ci ildə 530 nəfər, 1904-cı ildə 634 nəfər, 1914-cü ildə 697 nəfər, 1916-cı ildə 614 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla məruz qalaraq qovulmuş, Türkiyənin Muş, Çatax və Van bölgələrindən köçürülüb gətirilən ermənilər Goravanda yerləşdirilmişlər. Burada 1922-ci ildə 393 nəfər azərbaycanlı, 164 erməni, 1926-cı ildə 403 nəfər azərbaycanlı, 132 erməni, 1931-ci ildə 466 nəfər azərbaycanlı, 135 erməni, 1939-cu ildə 706 nəfər azərbaycanlı, 145 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi Azərbaycana köçürülmüşdür. İndi kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “mal-qara üçün pəyə”, “həyət” mənasında işlənən “kora” sözünə, urartu dilində “ölkə yer” mənasında işlənən “ebani”, “abani” sözünün fonetik forması olan “avan” (van) sözünün qoşulması əsasında əmələ gəlmişdir. Toponimin Kürəvan formasının kökünü “kürə” sözü təşkil edir. Bu söz də qədim türk dilində kura formasında “mal-qara pəyəsi” mənasını ifadə edir. “Kora” və “kura” eyni məna bildirən müxtəlif fonetik formaya malik sözlərdir.

Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1944-cü il tarixli fərmanı ilə dəyişdirilərək “Yenikənd” qoyulmuşdur. Sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-cı il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Goravan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°44′ ş. u.