Gomur – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 32 km cənub-qərbdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kömür” kimi qeydə alınmışdır. Kəndin qədim adı erməni müəlliflərinin əsərlərində “Gomer” fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də “Gyumur”, “Gomk” formalarında göstərilmişdir.
Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 285 nəfər, 1886-cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904-cü ildə 365 nəfər, 1914-cü ildə 400 nəfər, 1916-cı ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər, 1939-cu ildə 386 nəfər, 1959-cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 197-cu ildə 745 nəfər yalnız azərbaycanlı yaşamışdır. Gomur kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin deportasiyasına məruz qalmışdır. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponım qədim türk dilində “dağ başında dar, yarğanlı uçurum yer” mənasında işlənən “kömür” sözündən əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı iləadı dəyişdirilərək “Komk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°37′ şm. e., 45°34′ ş. u.