Gomaran

Gomaran – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Güdqum (Geğanuş) kəndindən 2 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1897-ci ildə 169 nəfər, 1914-cü ildə 158 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1922–1924-cü illərdə kəndin sakinləri öz evlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 52 nəfər, 1931-ci ildə 68 nəfər, 1939-cu ildə 91 nəfər, 1959-cu ildə 97 nəfər, 1970-ci ildə 183 nəfər, 1979-cu ildə 163 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim türk tayfası səlcuqların bir qolu olan “komar” (←kumar) etnoniminə cəmlik mənası bildirən “-an” şəkilçisinin qoşulmasından əmələ gəlib “kömarların kəndi, yaşayış yeri” mənasını ifadə edir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°10′ şm. e., 46°24′ ş. u.