Göllü

Göllü – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 46 km şimal-qərbdə, Arpa gölündən 10-11 km şimalda, Sultanabad–Qazançı yolunun 6 km-də, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir.

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir və onlar ayrıca xalq kimi təqdim edilir. Qarapapaqlar türk tayfalarından biridir və azərbaycanlıların etnogenizində iştirak edən etnoqrafik qrupdur. Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914-cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 334 nəfər, 1939-cu ildə 416 nəfər, 1959-cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979-cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvar–fevral aylarında azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulmuşdur. Hazırda kənddə Gürcüstanın Axılkələk rayonundan köçüb gələn ermənilər yaşayırlar.

Toponim “göl” sözünə “-lü” şəkilçisinin artırılması ilə düzəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Ardenis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°04′ şm. e., 43°43′ ş. u.