Gölkənd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 30 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Sonradan “Gölkənd” oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək erməni müəlliflərinin əsərlərində “Göl” formasında qeydə alınmışdır.
Kənddə tarixən azərbaycanlılar yaşamışlar. 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmiş və buranın azərbaycanlı əhalisi sıxışdırılmışdır. Burada ermənilərlə yanaşı 1897-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə kəndin azərbaycanlı əhalisi erməni silahlıları tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi” mənasında işlənən “göl” sözü ilə “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.
Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə erməni dilinə hərfi tərcümə edilərək “Liçk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°14′ ş. u.