Gölkənd

Gölkənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 93 km şimal-şərqdə, Tərsa çayının sağ sahilində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddən şimalda 7 nohur (gölməçə) var. Ona görə də kənd Gölkənd adlandırılıb. Kəndin bir adının da erməni müəlliflərinin əsərlərində “Qaraqoyunlu” olduğu göstərilir.

Kənddə 1831-ci ildə 357 nəfər, 1873-cü ildə 1567 nəfər, 1886-cı ildə 2157 nəfər, 1908-ci ildə 1555 nəfər, 1914-cü ildə 1866 nəfər, 1916-cı ildə 1486 nəfər, 1919-cu ildə 1376 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri tarixi yurdlarına qayıda bilmişdilər. 1922-ci ildə kənddə 1015 nəfər, 1926-cı ildə 1055 nəfər, 1931-ci ildə 1279 nəfər, 1959-cu ildə 1123 nəfər, 1970-ci ildə 1880 nəfər, 1979-cu ildə 2022 nəfər, 1987-ci ildə 2700 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ayqut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 45°10′ ş. u.