Gödəkbulaq

Gödəkbulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 60 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir.

XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra 1828–1829-cu illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1886-cı ildə 26 nəfər azərbaycanlı yaşamışdır. 1890-cı illərdə azərbaycanlılar buradan tamamilə çıxarılmış, təkcə ermənilər qalmışdır. Hazırda orada  yalnız ermənilər yaşayır.

Toponim Azərbaycan dilində “qısa, uzun olmayan” mənasında işlənən “gödək” və “bulaq” hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 iyun 1946-cı il tarixli fərmanı ilə kəndin adı hərfi tərcümə edilərək “Qarcaxpyur” qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°34′, ş. u.