Gığı

Gığı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 26 km şimal-qərbdə, Gığı çayının sahilində, dəniz səviyyəsindən 1580 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Burada azərbaycanlılarla bağlı X əsrə aid Gığı qalası mövcuddur.

Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904-cu ildə 569 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır. 1905-ci ildə və 1918-ci ilin payızında erməni silahlı birləşmələri Gığı dərəsində kütləvi qırğınlar törətmiş, əhalisi didərgin salınmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir qismi öz kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər, 1939-cu ildə 491 nəfər, 1959-cu ildə 570 nəfər, 1970-ci ildə 923 nəfər, 1979-cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türk mənşəli “kiği” (kiğili) etnonimi əsasında əmələ gəlmişdir.

Kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Geği” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°09′ ş. u.