Gendərə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Kotanlı düzənliyində, Qaraqayadərəsi çayının sahilində, Kotanlı kəndinin 4 km şimal-şərqində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 152 nəfər, 1886-cı ildə 217 nəfər, 1897-ci ildə 330 nəfər, 1904-cü ildə 503 nəfər, 1914-cü ildə 553 nəfər, 1916-cı ildə 354 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1923-cü ildə onlar sıxışdırılaraq kənddən çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində “böyük, geniş” mənasında işlənən “gen” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.