Gabud

Gabud – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Paşalı (Əzizbəyov, Vayk) yaşayış məntəqəsindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında, dəniz səviyyəsindən 1840 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Gyabut”, “Gyabud” formalarında verilir.

Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edən azərbaycanlılr doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181 nəfər, 1987-ci ildə 468 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci il noyabrın sonunda Ermənistan dövləti tərəfindən kəndin sakinləri – azərbaycanlılar tamamilə öz ata-baba yurdlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Kəndin adı Azərbaycan dilində “qayalıqda keçən yol”, “uçurum”, “daşlıq” mənasında işlənən “gab” sözünə “-ud” şəkilçisinin artırılması yolu ilə düzəlmişdir.

Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq “Kapuyt” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°37′ şm. e., 45°35′ ş. u.