Gərd

Gərd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 33 km qərbdə, Gərd çayının sol sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Gird”, “Kart”, “Karti” formalarında qeydə alınmışdır. Kənddə XVI–XVII əsrlə bağlı türklərə aid tarixi abidələr vardır.

1918-ci ildə Andranikin qoşunu kənddə kütləvi qırğın törətmiş, sağ qalan əhali Ordubada qaçmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. Kənddə 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 71 nəfər, 1931-ci ildə 115 nəfər, 1939-cu ildə 170 nəfər, 1959-cu ildə 250 nəfər, 1970-ci ildə 195 nəfər, 1979-cu ildə 61 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin bütün sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim fars dilində “lək, gərdi”, “əkilmiş tarla” mənasında işlənən “kərd” sözü əsasında yaranmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kard” qoyulmuşdur.

Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°07′ ş. u.