Gərgər (Qarqar)

Gərgər – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 14 km şimal-qərbdə, Gərgər çayının sahilində, 1400 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Gərgər”, “Gyargyari hay”, “Herher” formalarında qeyd edilir.

Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 4 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdırlar. İndi burada yalnız ermənilər yaşayırlar.

Toponim yunan tarixçisi Strabonun “Coğrafiya” əsərində qeyd edilən qədim “qarqar” türk etnonimi əsasında əmələ gəlmişdir. “Gərgər”, “qarqar” türk etnoniminin fonetik variantıdır. “Qarqar” etnonimi həm də “herher”, “xerxer” fonetik variantlarında Azərbaycan toponomiyasında iştirak edir.

Hazırda kənd “Qarqar” adında sənədlərdə əksini tapır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 44°26′ ş. u.