Fatma Əfəndiyeva

Fatma Əfəndiyeva Gəncə quberniyasının Qazax qəzasında daxil olan Qaraqoyunlu mahalının (Qərbi Azərbaycanın Çəmbərək rayonunun) Çaykənd kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə almışdır. Əmisioğlu, görkəmli maarifçi Bala Əfəndiyev ilə ailə qurmuşdur.

Fatma Əfəndiyeva İrəvanda ilk qadınlar klubu olan Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri kimi tanınır. Klubun fəaliyyəti dövründə savadsızlığın ləğvi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri təşkil edilmiş, azərbaycanlı qadınlar arasında mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı mübarizədə mühüm addımlar atılmışdır. Fatma xanım bu klub vasitəsilə qadınların maariflənməsi üçün maarifçilik və təbliğat işləri apararaq latın əlifbasına keçidin öncüllərindən biri olmuşdur. Həyat yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə yeni əlifba ilə ana dilində nəşr olunan “Zəngi” və “Rəncbər” qəzetlərində müxbir kimi çalışmışdır.

Fatma Əfəndiyeva həmçinin İrəvan Azərbaycan Dram Teatrının fəal üzvü olmuş və “İki yol və yaxud Məhəmmədəmin Azəri” tamaşasında Gülsüm rolunu ifa etmişdir.

1938-ci ildə Bala Əfəndiyev repressiya olunaraq güllələnmiş, Fatma Əfəndiyeva isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqribən 20 il sonra onların hər ikisi tam bəraət almışlar.

Fatma Əfəndiyeva 1982-ci ildə Bakıda vəfat etmişdir.

Mənbə:
Nazim Mustafa. İrəvan şəhəri. Bakı, 2020

İlham Rəhimli. İrəvan Dövlət Azərbaycan Teatrı: 1882–1927-ci illərdə. 525-ci qəzet. 1 mart 2017