Evcilər

Evcilər – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 15 km cənub-şərqdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər kəndə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir.

Toponim dülqədirli türk tayfasından olan “avcı” (evci) etnoniminə cəmlik bildirən “-lər” şəkilçisinin artırılması ilə əmələ gəlib “evcilər tayfasına mənsub kənd” mənasını bildirir. “Evci” “avçı” etnonimin fonetik variantıdır. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1947-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arazap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°08′ ş. u.