Ellər

Ellər – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində Abovyan şəhəri. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 37 km məsafədə, İrəvan şəhərinin şimal-şərqində, dəniz səviyyəsindən 1360 m hündürlükdə yerləşir. 9 sentyabr 1930-cu ildə yaradılan Ellər rayonunun mərkəzi olmuşdur. 1963-cü ildə şəhər statusu verilmişdir. Qafqazın beşverstlik xəritəsində “Eylayar”, erməni müəlliflərinin əsərlərində “Eylar”, “Elar” formalarında qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim türk dilində “xalq, tayfa”, “tayfa billəşməsi, tayfa ittifaqı” mənasında işlənən “el” sözünə Azərbaycan dilində cəmlik bildirən “-lər” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Bu söz eyni mənada türk dilində “il” formasında da işlənir.

Yaşayış məntəqəsinin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il tarixli fərmanı ilə dəyişdirilərək erməni yazıçısı Xaçatur Abovyanın şərəfinə “Abovyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°37′ ş. u.