Ellər

Ellər rayonu 9 sentyabr 1930-cu ildə yaradılmışdır. Sahəsi 846 km² olan rayonun inzibati mərkəzi respublika tabeli Ellər şəhəri olmuşdur. İrəvan şəhərindən 10 km şimal-şərqdə yerləşmişdir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Qırxbulaq mahalına, Çar Rusiyası dövründə isə İrəvan qəzasına daxil olmuşdur.

Toponim türk dilində “xalq, tayfa ittifaqı” mənasında işlənən “el” sözünə “-lər” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Bu söz eyni mənada türk dilində “il” formasında da işlənir. Etnotoponimdir. Qafqazın beşverstlik xəritəsində “Eylayar”, erməni mənbələrində “Eylar”, “Elar” formalarında qeydə alınmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Abovyan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.