Düzkənd

Düzkənd – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 44 km şimal-qərbdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə qarapapaqların yaşadığı göstərilir. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin may ayında Andranikin komandanlığında erməni silahlı dəstələri Təzəkənd kəndində soyqırım törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmişdi. 1918-ci ilin mayında türk ordusunun önündən geri çəkilən Andranikin qoşunu Düzkənddə kütləvi qırğın törətmiş, sağ qalan əhali Qars vilayətinə qaçmışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər, 1959-cu ildə 366 nəfər, 1970-ci ildə 528 nəfər, 1979-cu ildə 630 nəfər, 1987-ci ildə 580 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr–dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar .

Toponim Azərbaycan dilində “düzən, çöl, düzənlik”, “eniş, yoxuşu, çuxuru olmayan yer” mənasında işlənən “düz” sözü ilə qədim türk dilində “yaşayış yeri, şəhər” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Alvar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 43°44′ ş. u.