Düzkənd

Düzkənd rayonu 1937-ci il dekabrın 31-də yaradılmışdır. Sahəsi 576 km² olan rayonun inzibati mərkəzi Düzkənd qəsəbəsi olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 126 km-dir.

Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhədindən keçir. Rayon boyu Arpaçay axır.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Ağababa və Şörəyel mahallarına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Aleksandropol qəzasına daxil olmuşdur.

Toponim türk dilində “düzənlik, çöl düzəngah” mənasında işlənən “düz” sözünə “kənd” coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il fərmanı ilə rayonun adı dəyişdirilərək “Axuryan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.