Düzkənd

Düzkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-şərqdə, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerləşir. İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulduqdan sonra – 31 dekabr 1937-ci ildə yaradılan rayonun adı və mərkəzi olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. XVIII əsrə aid mənbədə – “İrəvan əyalətinin icmal dəftəri”ndə “Böyük “Düzkənd”, “Kiçik Düzkənd” adlı iki kəndin adı göstərilir. Erməni müəlliflərinin əsərlərində Düzkənd kəndinin digər adı kimi “Böyük Düzkənd” göstərilir. Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilmişdir.

1828-ci ilə kimi kənddə azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim türk dilində “düzənlik, çöl düzəngah” mənasında işlənən “düz” sözünə “kənd” coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Axuryan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°65′ şm. e., 43°54′ ş. u.