Dovrus – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 24 km şimal-şərqdə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Dovruz” kimi qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı həm də “Tovruz” kimi göstərilir.
Kənddə 1831-ci ildə 11 nəfər, 1873-cü ildə 74 nəfər, 1886-cı ildə 184 nəfər, 1897-ci ildə 303 nəfər, 1904-cü ildə 268 nəfər, 1914-cü ildə 297 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 144 nəfər, 1931-ci ildə 171 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə kənddən iki ailə (9 nəfər) zorla Azərbaycana deportasiya edilmişdir. Kəndin sakinləri 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.
Toponim türkmənşəli xəzər tayfasına mənsub “tavris” etnonimi əsasında əmələ gəlmişdir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Davrus” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°21′ ş. u.