Dordnu

Dordnu (Dornı) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 27 km şimal-qərbdə, dəniz səviyyəsindən 1280 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 16 nəfər, 1897-ci ildə 181 nəfər, 1904-cü ildə 363 nəfər, 1914-cü ildə 327 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Xaricdən köçürülüb gətirilən ermənilər 1918–1919-cu illərdən burada yerləşdirilmişlər.

Toponim qıpçaq mənşəli “durt” (→dort) etnonimi əsasında yaranmışdır. Türk tarixçisi Fahrettin Kırzıoğluna görə 1588-ci ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el “dördnu” adlanırdı.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyun 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Antaraşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°18′ şm. e., 46°19′ ş. u.