Doqquz

Doqquz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 49 km şimal-qərbdə, Gərni çayının yanında, dəniz səviyyəsindən 2070 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Doqquz”, Qafqazın beşverstlik xəritəsində isə “Dokkuz” formasında qeydə alınmışdır.

Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828–1829-cu illərdə bura İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülmüşlər. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (коренных армян) olmuşdur. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 127 nəfər, 1873-cü ildə 159 nəfər, 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 75 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 97 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1950-ci illərdə tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşlər. Hazırda burada ermənilər yaşayırlar.

Toponim oğuzların dülqədirli tayfasından olan “doqquz” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kanaçut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°32′ ş. u.