Dirəklər

Dirəklər – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km şimal-şərqdə, dəniz səviyyəsindən 1570 m hündürlükdə yerləşir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Dirəkli”, Qafqazın beşverstlik xəritəsində “Dirəklər” kimi qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1828–1830-cu illərdə Türkiyənin Tercan və Qars vilayətlərindən köçürülmüşlər.

Toponim qədim “tereklər” (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII–XIV əsrlərdə Anadolu yarımadasında yaşamışlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Karnut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°47′ şm. e., 43°57′ ş. u.