Dian

Dian – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 37 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 32 nəfər, 1873-cü ildə 216 nəfər, 1886-cı ildə 242 nəfər, 1897-ci ildə 304 nəfər, 1904-cü ildə 272 nəfər, 1914-cü ildə 290 nəfər, 1916-cı ildə 380 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı dəstələrinin törətdikləri qırğınlardan sonra kəndin sağ qalan azərbaycanlı əhalisi Türkiyəyə köç etmək məcburiyyətində qalmışdır. Kəndə Türkiyənin Taron və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Dian toponimi Diau adlı sülalənin adı əsasında yaranmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°04′ ş. u.