Daşkənd

Daşkənd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 80 km cənub-şərqdə, dəniz səviyyəsindən 2155 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 357 nəfər, 1873-cü ildə 560 nəfər, 1886-cı ildə 816 nəfər, 1897-ci ildə 1004 nəfər, 1908-ci ildə 816 nəfər, 1914-cü ildə 1389 nəfər, 1916-cı ildə 1054 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yanvarın 20-23-də azərbaycanlılara qarşı erməni silahlı birləşmələri qırğınlar törətmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 882 nəfər, 1926-cı ildə 984 nəfər, 1931-ci ildə 1230 nəfər, 1987-ci ildə 2100 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Kənddə VI–VII əsrlərə aid oğuz qəbiristanlığı, IX–XII əsrlərə aid alban kilsəsinin xarabalığı vardır.

Toponim qədim türk dilində “xarici, kənar”, “uzaq” mənasında işlənən “daş” və “kənd” sözlərinin birləşməsindən əmələ gəlib “uzaqda, kənarda yerləşən kənd” deməkdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ayrk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°47′ ş. u.