Daşaltı

Daşaltı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6-7 km cənubda, Arpa çayının sahilində yerləşirdi.

Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “dağ, qaya” mənasında işlənən “daş” sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş “alt” sözünün birləşməsindən əmələ gəlmişdir.