Darğalı

Darğalı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 6,5 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında, dəniz səviyyəsindən 870 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışlar. Kəndə ermənilər 1828–1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülmüşdür. Erməni ədəbiyyatında kəndin 1831-ci ildə salındığı göstərilir. Erməni tədqiqatçıları tarixi həqiqəti təhrif edərək saxtalaşdırmışlar. Çünki 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Mustafanın adına olan timarda Gərni nahiyəsinə tabe olan Darğalı kəndinin adı qeydə alınmışdır. Kəndin gəliri 6.000 ağça təşkil etmişdir.

Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873-cü ildə 22 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraqkənddən deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim monqol dilində “şəhər, qəza, mahal, vilayət hakimi” mənasında işlənən “darğa” sözünə Azərbaycan dilində mənsubluq bildirən “-lı” şəkilçisinin artırılmasından əmələ gəlib “şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd” mənasını bildirir. “Aşağı” fərqləndirici əlamət bildirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Anastasavan”, 30 dekabr 1957-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Aygezard” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°56′ şm. e., 44°36′ ş. u.