Daharlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 9 km cənub-qərbdə, dəniz səviyyəsindən 1460 m hündürlükdə yerləşir. 1937-ci ilədək keçmiş Gümrü (Leninakan) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.
Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan “duharlı” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 43°47′ ş. u.