Dəymədağlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonu ərazisində, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 22 km şimalda, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.
Toponim kəbirli türk tayfasına mənsub “dəymədağıldılar” etnonimi əsasında formalaşmışdır.
1920-ci ildə kəndin adı dəyişdirilərək “Şrvenants” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°23′ ş. u.