Dəvəli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 16 km cənub-şərqdə, Vedibasar çayından axan arxın yanında, dəniz səviyyəsindən 818 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1828-ci ilədək burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqayiləsinə əsasən 1828–1829-cu illərdə İranın Maku və Səlmas mahallarından köçürülüb gətirilən ermənilər Dəvəlidə yerləşdirilmişlər. Kənddə 1831-ci ildə 28 nəfər azərbaycanlı, 633 erməni, 1873-cü ildə 207 nəfər azərbaycanlı, 1760 erməni, 1886-cı ildə 263 nəfər azərbaycanlı, 1975 erməni, 1897-ci ildə 686 nəfər azərbaycanlı, 2650 erməni yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq tarixi-etnik torpaqlarından qovulmuşlar. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır. Sonralar azərbaycanlılar kənddən çıxarılmış və kənddə yalnız ermənilər qalmışdır.
Toponim qacarların bir boyu olan “dəvəli” etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ararat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°49′ şm. e., 44°42′ ş. u.