Dərəkənd

Dərəkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 31 km şimal-şərqdə, Çaxçaxlı çayının sahilində, Çubuxlu dağının ətəyində, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim “iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur” mənasında işlənən “dərə” sözü ilə “kənd” coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Kənd dərədə yerləşdiyi üçün “Dərəkənd” adlandırılmışdır.

Kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Dzoraqyuğ” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 44°36′ ş. u.